GÖRKƏMLİ ALİMLƏR

Neft və qaz yataqlarının işlənməsi üzrə Azərbaycanın görkəmli alimi

Neft və qaz yataqlarının işlənməsi üzrə Azərbaycanın görkəmli alimi

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Cəlilov Qurban Nizaməddin oğlu 1927-ci ildə Şəki rayonunun Qışlaq kən­­dində anadan olmuşdur. 1945-ci ildə orta məktəbi gümüş medalla bitirərək Azərbaycan Dövlət Universitetinin (hazırki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1950-ci ildə uni­versiteti riyaziyyatçı ixtisası üzrə biti­rərək Azər­baycan SSR Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutunda aspiranturaya daxil olmuş və Moskva şəhərinə ezam edilmişdir.

Moskvada yeraltı hidrodinamika sahəsində ta­nınmış alim V.N.Şelkaçovun rəhbərliyi altında  “Neft konturunun hərəkəti və quyunun sulaşması ilə əlaqədar bəzi məsələlərin hidrodi­namik tədqiqi” mövzusunda dissertasiya yazaraq, 1954-cü ildə Azər­bay­can Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) ixtisaslaş­dı­rılmış Şurasında mü­dafiə etmişdir. 1963-cü ildə isə “Neftdaşıma (neftlilik) konturunun yerdəyişməsi, quyuların sulaşması və süzülmənin fəza məsə­lələri” mövzusunda doktorluq dis­ser­tasiyasını müdafiə edərək texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Q.Cəlilov 1966-cı ildə professor elmi adını almış, 1972-ci ildə “Neft, qaz və qaz­kondensat yataqlarının işlənməsi və istis­marı” ixtisası üzrə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə “Neft və qaz yataqlarının işlənməsi” ixtisası üzrə həqiqi üzvü seçilmişdir.

Q.Cəlilov 1954-1958-ci illərdə Azərbaycan SSR EA-nın Neft Ekspedi­si­yasında, 1958-1960-cı illərdə Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda bö­yük elmi işçi vəzifəsində çalışmışdır. Q.Cəlilovun elmi fəaliyyəti 1960-cı ildən Azərbaycan SSR EA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu ilə bağlı olmuşdur. Bura­da o, 1961-ci ildən ömrünün sonunadək yeraltı hid­ro­dinamika şöbəsinə rəh­bər­lik etmişdir.

Q.Cəlilov 1974-1988-ci illərdə İnstitutun elmi işlər üzrə direktor müavini və­zi­fəsində çalışmışdır. O, Azərbaycan SSR EA Yer haqqında Elmlər Bölməsinin akademik-katibinin müavini olmuşdur.

Q.Cəlilov yeraltı hidroqazdinamikanın demək olar ki, bütün sahələ­rinin elmi problemlərilə məşğul olmuşdur. Onun rəhbərliyi və bilavasitə iştirakilə aparı­lan elmi tədqiqat işlərinin böyük qismi çatlı, çatlı-məsaməli və böyük yatma dərinlikli yataqların istismarı zamanı onlarda gedən hidro­qazdinamik proses­lə­rin elmi, nəzəri və praktiki problemlərinin öyrənilmə­sinə həsr edil­mişdir. Bu elmi istiqamətlər üzrə tədqiqat işlərinin nəticələri ölkəmizdə və ondan kənarda bu sahənin elmi mütəxəssisləri tərəfindən yük­sək qiymətlən­dirilmiş, bir sıra nəticələr isə öz praktiki tətbiqini tapmışdır.

Alim “Neft Daşları”, “Qaradağ”, “Cənub”, “Darvin Bankası”, “Palçıq Pilpiləsi”, “Hövsan”, “Duvannı” yataqlarının işlənilməsi layihələrinin texnoloji bölmələrinin əsas icraçılarından biri olmuşdur. Q.Cəlilov 230-dan artıq elmi məqalənin, 4 monoqrafiyanın müəllifidir. O, 2 elm­lər doktorunun elmi məsləhətçisi və 24 fəlsəfə doktorunun elmi rəh­bəri ol­muş­dur.

Q.Cəlilov Beynəlxalq Neftçi-Mühəndislər Cəmiyyətinin üzvü, Azər­baycan Sovet Ensiklopediyasının Texnika Elmləri Redaksiyası üzrə elmi məsləhətçisi olmuşdur.

Q.Cəlilov çoxillik və məhsuldar elmi, ictimai fəaliyyətinə görə “Xalqlar dost­luğu”, Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan SSR EA Rəyasət Heyəti­nin Fəxri fərmanları, “Neft sənayesi əlaçısı” nişanı ilə təltif edilmiş, akademik İ.M.Qubkin adına mü­ka­fata layiq görülmüşdür.

Akademik Qurban Cəlilov 2000-ci ildə Bakıda vəfat etmişdir.