GÖRKƏMLİ ALİMLƏR

Neft və qaz sahəsində respublikada yüksəkixtisaslı kadrlar hazırlayan alim

Neft və qaz sahəsində respublikada yüksəkixtisaslı kadrlar hazırlayan alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

Bağırzadə Faiq Məmməd oğlu 1926-cı ildə Bakı şəhərin­də anadan olmuşdur. Bakı şəhərindəki 132 nömrəli orta məktəbdə təhsilini başa vurduqdan sonra 1943-1949-cu illərdə indiki Azərbay­can Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Uni­versiteti) Geoloji-kəşfiyyat fakül­təsini Mühəndis-geoloq ixtisası üzrə bitirmiş­dir.

1953-cü ildə “Abşeron yarımadasının sahilboyu və bitişik sahələrdə Qala dəstəsinin kəşfiyyatı” mövzusunda dissertasiya müdafiə edərək geologiya-minerologiya elmləri namizədi alimlik elmi dərəcəsi alıb. 1964-cü ildə o, geologiya-minerologiya elmləri doktoru elmi dərəcəsini almaq üçün “Abşeron neft-qazlı sahəsinin şərq hissəsində məhsuldar qatın alt şöbəsində neft və qaz yataqlarının yerləşmə və formalaşmasının qanunauyğunluqları” mövzusunda uğurla dissertasiya müdafiə edib. 1976-cı ildə Azərbaycan SSR Elm­lər Akademiyasının müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçil­mişdir.

F.Bağırzadə əmək fəaliyyətinə 1947-1949-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunda baş laborant olaraq başlayıb. 1949-cu ildə “Qobustanneftqaz kəşfiyyatı” trestinin “Qarabağ-Qaradaş” kontorunda mühəndis-geoloq olub. Neft və qaz yataqlarının geologiyası kafedrasının aspirantı olan Faiq Bağırzadə 1951-ci ildə “Azneft” birliyinin dənizdə qazıntı axtarışı trestinin “Neft daşları”nda mühəndisi vəzifəsində çalışıb. 1952-1954-cü illərdə Azərbay­can Sənaye İnstitutunun Neft və qaz yataqla­rının geolo­giyası kafedrasında assistent vəzifəsində işləmiş­dir. 1954-1962-ci illərdə kafedra­nın böyük mü­əllimi və dosenti, 1962-1965-ci illərdə Azər­bay­can Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakül­təsinin dekanı təyin olunmuşdur.

F.Bağırzadə 1964-1965-ci illərdə Birma Respublikasında Ranqun Texno­lo­ji İns­ti­tu­tunun professoru vəzifəsində işləmişdir. 1965-1970-ci illərdə Azər­bay­can Neft və Kimya İnsti­tutunun (indiki ADNSU) xarici vətəndaşların təhsili üzrə fakültəsinin dekanı, 1966-1970-ci illərdə Neft və qaz yataqlarının geologi­yası kafedrasının professoru və kafedranın müdiri vəzifələrində işləmişdir.

1970-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Uni­versiteti) rektor təyin edilmiş, 1987-ci ilə kimi bu vəzifədə çalışmışdır. Onun iştirakilə universitetin tədris-mate­rial bazası xeyli genişlənmiş, yeni kafedralar, tətbiqi riyaziyyat fakültəsi açıl­­mış, institutlararası elmi-tədqiqat hesablama mərkəzi təşkil olunmuşdur.  Faiq Bağırzadənin rektorluğu dövründə universitetdə elmlər doktorlarının sayı 62 nəfərdən 145 nəfərə çatıb.

Alim respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edib. O, 1971-ci ildən başlayaraq uzun müddət Azərbaycan KP MK-nın üzvü, Respublika Ali Sovetinin səkkizinci, doqquzuncu, onuncu və on birinci çağırışları üzrə deputatı seçilib.

F.Bağırzadə neft geologiyası və Cənubi Xəzərin neft-qaz yataqlarının geo­kimyası sahələrində görkəmli alim idi. Xəzər akvatoriya­sı­nın bir sıra sahələri­nin neft-qaz yataqlarının (“Günəşli” strukturu) perspek­tiv­li­yini öyrənmişdir.

O, 100-dən artıq elmi əsər, o cümlədən 12 monoqrafiya, geologi­ya­nın və geokimyanın müxtəlif problemləri üzrə çoxsaylı dərsliklər və tədris və­saitləri nəşr etdirmişdir. F.Bağırzadənin elmi kadrların hazırlanması işində böyük xidmətləri olmuşdur.

Alim “Oktyabr İnqilabı” və “Qırmızı Əmək Bay­rağı” ordenləri ilə təl­tif olunmuşdur. 1980-ci ildə ona Azərbaycan SSR-in Əməkdar elm xadimi fəxri adı verilmişdir. O, bir qrup alimlərlə birlikdə “Azərbaycan SSR-in neft və qaz yataq­ları və perspektivli strukturları xəritə­si”nin tərtibinə görə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür.

F.Bağırzadə 1988-ci il martın 30-da Bakı şəhərində vəfat edib və 2-ci Fəxri Xiyabanda dəfn olunub.