GÖRKƏMLİ ALİMLƏR

Dənizdə neft yatağını ilk dəfə kəşf edən, SSRİ-nin qaz sənayesi naziri olmuş azərbaycanlı alim

Dənizdə neft yatağını ilk dəfə kəşf edən, SSRİ-nin qaz sənayesi naziri olmuş azərbaycanlı alim

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.

S.Orucov 1912-ci il mayın 30-da Bakıda anadan olmuşdur. 1929-1931-ci illərdə orta məktəbdə dərs demiş, 1931-1936-cı illərdə  Azərbaycan Neft Sənayesi İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) oxumuşdur.

S.Orucov 1940-cı ildə texnika üzrə fəlsəfə doktoru, 1961-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, professor elmi adını almış, 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilmişdir.

S.Orucov 1936-1946-cı illərdə kompressor təsərrüfatında mexanik, neftçıxarma ustası, Suraxanı mədənlərində direktor olmuşdur. “Ordconikidzeneft”in idarə rəisi, “Azərneftkombinat”da qazma üzrə rəis müavini, “Azneft”də baş mühəndis işləmişdir.

1948-ci ildə Azərbaycanın həm dənizdəki, həm də qurudakı perspektivli sahələrində kəşfiyyat işlərini bir əldə cəmləşdirmək üçün “Azneftkəşfiyyat” birliyi yaradılıb. Birliyin rəisi vəzifəsinə Sabit Orucov təyin edilib. Neft kəşfiyyatçıları yeni neft və qaz yataqları aşkar etməli, açıq dənizə çıxıb, oradakı iri strukturlarda neft-qaz axtarışına başlamalıydılar. Sabit Orucovun rəhbərliyi ilə onlar bu işin öhdəsindən uğurla gəldilər. 1949-cu il noyabrın 7-də açıq dənizdə sahildən 40 kilometr uzaqda məşhur “Neft Daşları” yatağı kəşf olundu. Azərbaycanın adı dünya tarixinə dənizdə neftçıxarmanın pioneri kimi düşdü.

S.Orucov Böyük Vətən Müharibəsinin iştrakçısı olmuşdur. 1949-1953 və 1955-1957-ci illərdə SSRİ Neft Sənayesi nazirinin müavini, 1957-1959-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri və Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, 1959-1962-ci illərdə SSRİ Nazirlər Soveti nəzdində Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi, 1962-1965-ci illərdə SSRİ Kimya, Neft və Yanacaq Sənayesi Dövlət Komitəsinin sədr müavini, SSRİ Dövlət Plan Komitəsi nəzdində Dövlət Neftçıxarma Sənayesi Komitəsi sədrinin 1-ci müavini və 1965-1972-ci illərdə SSRİ Neftçıxarma (neft­hasilatı) və Neft Sənayesi nazirinin 1-ci müavini vəzifələrində işləmişdir.

SSRİ Nazirlər Sovetinin sədri olan Kosıgin S.Orucova daim böyük ümidlər bəsləyib. 1972-ci ildə Kosıgin Orucovu Kremlə dəvət edib və onlar birlikdə Leonid İliç Brejnevin kabinetinə təşrif buyurublar. Bu görüşdə uzun-uzadı müzakirə olmadan Sabit Orucov SSRİ-nin qaz sənayesi naziri təyin olunub və 1981-ci ildə dünyasını dəyişənədək böyük bir ölkənin iqtisadiyyatının aparıcı sahələrindən birinə müvəffəqiyyətlə rəhbərlik edib. O, SSRİ dənizlərində neft və qaz yataqlarının kəşfiyyatı sahəsində həqiqətən də əsl inqilab etdi. Sabit Orucov SSRİ-nin qaz sənayesi naziri təyin ediləndə ölkədə ildə 80 milyard kubmetr qaz hasil edilirdisə, onun rəhbərlyi dövründə qaz hasilatı 270 milyard kubmetrə çatdı, sonralar isə 600 milyard kubmetri ötüb keçdi. Sibirin SSRİ-də başlıca qaz hasilatı regionu kimi tanınması da nazir Sabit Orucovun gərgin fəaliyyətinin nəticəsidir. Tümen vilayətində qaz hasilatı 1972-ci ildəki 11,6 milyard kubmetrdən 1980-ci ildə 144 milyard kubmetrə çatdı.

Qərbi Sibirdə Sabit Orucovun ən dəyərli “övladlarından” biri Urenqoy yatağıdır. 1973-cü ildə o, həmin yataqda olub və gələcək Novıy Urenqoy şəhərinin təməl daşını şəxsən özü qoyub. 1980-ci ilin iyun ayında Novıy Urenqoy şəhər statusu alıb. Sabit Orucovun dünyasını dəyişdiyi 1981-ci ildə Urenqoy yatağından yüz milyardıncı kubmetr qaz çıxarılıb. Ölümündən sonra Urenqoy qaz hasilatı istehsalat birliyinə S. Orucovun adı verilib. Sabit Orucovun ürəyində böyük bir dəniz sevgisi vardı. Dənizdə işləməyi o, çox sevirdi. Təsadüfi deyil ki, keçmiş SSRİ dənizlərində, o cümlədən Xəzərdə, Ağ dənizdə, Baltik və Oxot dənizlərində axtarış-kəşfiyyat işlərini genişləndirmək üçün o, SSRİ-nin qaz sənayesi nazirliyində xüsusi bir baş idarə yaratmışdı. Sovet dövlətinin rəhbərləri, o cümlədən Sov.İKP MK-nin Baş katibi Brejnev, SSRİ Nazirlər Sovetinin sədri Kosigin, SSRİ Dövlət Plan Komitəsinin sədri Baybakov Sabit Orucovu çox yaxşı tanıyır və ona hörmət edirdilər. 1980-ci ildə Sov.İKP MK-nin Siyasi Bürosunda ona Sosialist Əməyi Qəhrəmanı adının verilməsi məsələsi müzakirə ediləndə Brejnev demişdi ki, axı, onun yubileyi deyil, bu adı ona necə verək, Kosıgin cavab vermişdi ki, yubileyi olanda Sabit Atayeviçə başqa bir mükafat verərik. İndi isə biz ona böyük xidmətlərinə görə mükafat verək.

Akademik Xoşbəxt Yusifzadə sağlığında mətbuata açıqlamasında onunla bağlı xatirələrini bölüşmüşdü: “Moskvada bir gün Sabit müəllimi nazirliyin dəhlizində gördüm. Dedim Sabit Atayeviç, sizin qəbulunuza düşmək olmur. Dedi, bilirsən nə var? Sən mehmanxanada rahat dincəlirsən, saat 10-da, 11-də durub gəlirsən yanıma. O vaxt da qızlar səni içəri buraxmırlar, çünki, bilirlər nazir bərk məşğuldur. Sən mənim yanıma gəlmək istəyirsənsə, saat 9-un yarısında gəl, otur kabinetimin qarşısında. Mən gələn kimi səni görüm, keçək içəri. Ertəsi gün dediyi vaxt gəldim. Məni görən kimi qayıtdı ki, bax, bu, başqa məsələ, indi keç içəriyə. Çox səmimi insan idi”.

S.Orucov dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetlərinə deputat seçilmişdir.

S.Orucov neft və qaz yataqlarının işlənməsi sahəsində tədqiqat işləri aparmış, hava vurmaqla (aerasiya) dərin neft quyularının mənimsənilməsi üsulunu işləyib hazırlamış, bir sıra iri bloklu dəniz-buruq əsaslarının konstruksiyasını təklif etmişdir. 200-dən artıq elmi əsərin, o cümlədən 10 monoqrafiyanın müəllifi olmuşdur.

S.Orucov 1950-ci və 1951-ci illərdə iki dəfə SSRİ Dövlət Mükafatı, 1970-ci ildə Lenin Mükafatı laureatı olmuşdur, 1964-cü ildə Əməkdar elm və texnika xadimi, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Urenqoy neft-qaz hasilatı idarəsinin istehsalat birliyi və bir sərnişin gəmisi onun adını daşıyır.

Sabit Orucov 1981-ci ildə Moskva şəhərində vəfat edib, Moskvanın Novodeviçye qəbirstanlığında dəfn olunub.